Strasburqda Rusiyaya qarşı xüsusi tribunalın yaradılması haqqında saziş imzalanıb

V.Zelenski və A.Berse

Ukrayna prezidenti Volodimir Zelenski iyunun 25-də Rusiyanın Ukraynaya müdaxiləsində məsul olan yüksəkvəzifəli şəxslərin mühakimə olunması üçün xüsusi tribunal yaradılması haqqında Avropa Şurası ilə saziş imzalayıb.

Tribunal "təcavüz cinayəti"ni araşdıracaq və bu iş üzrə Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, ən yüksəksəviyyəli Rusiya siyasətçiləri mühakimə oluna bilər.

"Hər bir hərbi cinayətkar ədalətin olacağını bilməlidir və bu, Rusiyaya da aiddir", - prezident Zelenski Strasburqda Avropa Şurasının baş katibi Alen Berse ilə sazişi imzaladıqdan sonra deyib.

"Putin də daxil olmaqla, hər bir rusiyalı müharibə cinayətkarının ədalət qarşısında cavab verməsini təmin etmək üçün güclü siyasi və hüquqi cəsarət tələb olunacaq", - Zelenski sazişi imzaladıqdan sonra Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) çıxış edərkən bildirib.

Daha sonra isə o, X platformasında yazıb: "Aydın bir mesaj göndərməliyik: təcavüz cəza ilə nəticələnir. Və bunu birlikdə - bütün Avropa olaraq - etməliyik".

Avropa Şurası bəyan edib ki, tribunalın səlahiyyəti Ukraynaya qarşı təcavüz cinayətinə görə yüksəksəviyyəli siyasi və hərbi rəhbərlərin mühakimə olunmasını əhatə edəcək.

"Bu cinayət BMT Nizamnaməsini pozaraq digər bir dövlətə qarşı silahlı gücdən istifadə olunması qərarını ifadə edir", - Şura bildirib.

Qeyd olunub ki, əgər Ukraynaya qarşı təcavüz cinayətində belaruslar və ya şimali koreyalıların da mühüm rol oynadığı sübuta yetirilərsə, onlar da potensial olaraq mühakimə oluna bilər.

Berse bildirib ki, beynəlxalq hüquq "istisnasız və ikili standartlar olmadan hamıya şamil edilməlidir". O, Avropa Şurası tribunalın gələn ildən işə başlaya biləcəyinə ümid etdiyini deyib. Tribunalın harada yerləşəcəyi isə hələ ki, müəyyən olunmayıb.

İlk dəfədir ki Avropanın ən yüksək insan hüquqları qurumu olan Avropa Şurasının nəzarəti altında belə bir tribunal yaradılır.

46 üzvü olan Avropa Şurası Avropa İttifaqının (Aİ) bir qurumu deyil və onun üzvləri arasında Türkiyə, Böyük Britaniya və Ukrayna kimi Aİ üzvü olmayan əsas Avropa dövlətləri var. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Avropa Şurasından çıxarılıb.