Ukrayna müharibəsi ilə bağlı Rusiyanın dəfn sənayesi böyüyür [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukrayna müharibəsi ilə bağlı Rusiyanın dəfn sənayesi böyüyür

Moskvanın Ukraynaya təcavüzkar müharibəsi dördüncü yayına doğru irəlilədikcə, Rusiyanın dəfn sənayesi kəskin və nəzərəçarpan yüksəliş yaşayır.

Müharibədəki itkilərlə bağlı rəsmi statistika ictimaiyyətdən gizlədilsə də, bəzi rusiyalılar sürətlə böyüyən dəfn bazarında müvafiq xidmətlərin qiymətlərinin kəskin artımına diqqət çəkmək üçün sosial şəbəkələrə üz tutublar.

Rusiyanın "Kommersant" qəzetinin məlumatına görə, Rusiyada dəfn xidmətləri bazarı 2025-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12.7 faiz artıb.

Həmin dövr ərzində dəfn xidmətləri ilə bağlı təxminən 200 yeni biznes qurulub və ən sürətli artım Tatarıstan, Moskva vilayəti və Sankt-Peterburqda müşahidə olunub.

Bu artım Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başlamasından bəri dəfn xərclərinin yüksəlməsi ilə bağlı ictimai narazılıqlar fonunda baş verir.

Qəbir qazılması, tabut hazırlanması və qəbirdaşı qiymətləri hamısı kəskin şəkildə bahalaşıb.

Rusiya hökumətinin statistika qurumu "Rosstat"ın məlumatına görə, apreldə bir tabutun qiyməti 9 faiz artaraq təxminən 100 dollara, qəbir qazılması isə 15 faiz artaraq 150 dollara çatıb.

"Hər şeyi özüm ödədim"

Ukraynada ölən bəzi rusiyalı hərbçilərin yasda olan ailələri dövlətin maliyyə dəstəyi ilə bağlı vədlərinin yerinə yetirilməməsindən şikayətlənir.

Atası Ukraynanın Pokrovsk şəhəri yaxınlığındakı döyüşlərdə həlak olan bir rusiyalı qadın sosial şəbəkədə yazıb: "Hər şeyi özüm ödədim... Heç bir dəfn xidməti göstərilmədi, ölüm müavinəti verilmədi. Heç kim gəlmədi, nə hərbi komissarlıqdan, nə də onun xidmət etdiyi briqadadan belə bir nümayəndə gəlmədi".

Dövlətin dəfn xərclərini ödədiyinə dair rəsmi iddialara baxmayaraq, kompensasiyalar ciddi şəkildə məhdudlaşdırılıb.

Hökumətin 2024-cü il tarixli qərarına görə, dəfn xidmətləri üçün kompensasiya əksər regionlarda təxminən 650 dollar, Moskva, Sankt-Peterburq və Sevastopolda isə 880 dollar civarında məhdudlaşdırılıb.

Bu məbləği aşan bütün xərcləri ailə özü ödəməlidir.

Dəfn sənayesini izləyən "Funeral Trust" adlı "Telegram" kanalı 2024-cü ildə Rusiyada bir dəfnin orta xərcinin 750 dollar olduğunu bildirir.

Qərb mənbələrinin qiymətləndirməsinə görə, Ukraynada döyüşlərdə təxminən 1 milyon rusiyalı öldürülüb və ya yaralanıb.

Yazı "Current Time" tərəfindən hazırlanıb.