Keçid linkləri

2025, 26 İyun, Cümə axşamı, Bakı vaxtı 20:44

Serbiyada çevrilişə hazırlıq ittihamı ilə altı nəfər saxlanıb


Serb polisi
Serb polisi

Serbiyada dövlət çevrilişi hazırlamaqda ittiham olunan altı nəfər saxlanılıb. İstintaqın versiyasına görə, saxlanılan bu şəxslər məmurlara və polis əməkdaşlarına hücumlar, dövlət binalarının, radio və televiziya kanallarının, eləcə də media redaksiyalarının ələ keçirilməsini planlaşdırıblar. Bu barədə Serbiya Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

Polis saxlanılan şəxslərin adlarını rəsmi olaraq açıqlamayıb. Lakin yerli medianın məlumatlarına görə, onların arasında Serbiya Hərbi Həmkarlar İttifaqının keçmiş sədri Novitsa Antiç, siyasətçi İvan Matoviç, ehtiyatda olan kapitan Branko Momçiloviç, keçmiş zabit Vidan Kolyaiç və keçmiş polis əməkdaşı Srdjan Qayoviç var.

Serbiya mediasının birgə araşdırmasına görə, saxlanılan şəxslər dövlət çevrilişi planları çərçivəsində etiraz edən tələbələrdən ibarət kütləni təhrik etməyi planlaşdırırmışlar. Bu tələbələr çevrilişin əsas hərəkətverici qüvvəsi kimi nəzərdə tutulub. Həmçinin, fərqli siyasi baxışlara malik etirazçılar arasında paritetin təmin olunması da onların diqqətində olub.

2023-cü ildə adı açıqlanmayan Qərb kəşfiyyat xidməti N.Antiçi Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) işləməkdə ittiham edib. Bu barədə "Politico" nəşri yazıb. Xüsusi xidmət orqanlarının versiyasına görə, Antiç Rusiyanın təsir agenti olub. O, Avropa İttifaqının müxtəlif ölkələrindən olan rəsmilər və deputatlarla görüşlər keçirib. Maraqlı məqam ondan ibarətdir ki, bu deputatlar fərqli siyasi partiyalardan — yaşıl, sosialist və mühafizəkar partiyalardandır. Bu da onun təsir dairəsinin genişliyini göstərir. Bundan əlavə, "Politico" nəşrinin məlumatına görə, Antiç Aİ-nin hərbi qulluqçuları və dövlət məmurlarını təmsil edən EUROMIL və EPSU həmkarlar ittifaqları nümayəndələri ilə də görüşlər keçirib.

Qərb kəşfiyyatı ehtimal edib ki, bu şəxslərin Antiçin FSB ilə əlaqələrindən xəbərdar olması ehtimalı azdır - onlar Antiçin Rusiya üçün işlədiyini bilmədən bu görüşlərdə iştirak ediblər. Kəşfiyyat sənədlərinə görə, Antiç "Veteranskie Vesti" nəşrinin baş redaktoru Vyaçeslav Kalinin tərəfindən əməkdaşlığa cəlb edilib. Sözügedən nəşrin saytında qeyd olunur ki, redaksiya Rusiya Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyası ilə aktiv əməkdaşlıq edir. Həmçinin, V.Kalinin Rusiya prezidenti Vladimir Putin tərəfindən fəxri fərmanla təltif olunub.

Digər saxlanılan şəxslərin Rusiya ilə əlaqələri barədə məlumat yoxdur. İ.Matoviç region səviyyəsində fəaliyyət göstərən, sağ-mühafizəkar və avropayönlü siyasətçidir. Digərləri isə Balkan müharibələrinin veteranlarıdır.

XS
SM
MD
LG