İranın dağlıq ərazidə yerləşən Fordo və daha iki nüvə obyekti ötən həftəsonu bombardmana məruz qaldı, toz-duman çəkilincə ABŞ bu obyektləri məhv etdiyini bildirib.
Tehranın nüvə proqramı çərçivəsində indiyədək 400 kiloqramdan çox uran yüksək dərəcədə zənginləşdirilib ki, bu da bomba hazırlanmasında istifadə olunan uranın dərəcəsinə yaxın sayılır.
Bəs, İranın yüksək dərəcədə zənginləşdirilmiş uranı haradadır? AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Mayk Ekkel bu suala cavab axtarır.
"Məncə, ən təhlükəsiz yozum budur ki, İran onun harada olduğunu bilir, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) də, amma ictimaiyyət bilmir. Amerikalılar və israillilər bilirlərsə də, demirlər", – bunu prezident Barak Obamanın dövründə Milli Təhlükəsizlik Şurasında İran üzrə direktor işləmiş Riçard Nevyu deyir.
"Ola bilsin ki, müharibənin ilk günlərində onu harasa köçürüblər, bir hissəsini başqa yerə apara bilərdilər. Amma ABŞ, İsrail, digər kəşfiyyat cameələri onu tapa bilərdilər", – bunu isə İsraildə istefada olan briqada generalı, İran üzrə aparıcı ekspert Oren Setter bildirir. Onun fikrincə, iranlılar düşünə bilərdilər ki, ən salamat yer tunellərdir.
İyunun 22-də İranın nüvə obyektləri bombalananda da, onadək İsrailin doqquz gün davam edən zərbələri ilə eyni vaxtda da kəşfiyyat analitikləri, beynəlxalq müfəttişlər, nüvə ekspertlərini bir məsələ düşündürüb – görəsən, İranın nüvə ambisiyalarına çoxmu ziyan dəyib.
ABŞ prezidenti Donald Tramp israr edir ki, ABŞ bombaları özəlliklə Fordoya nəhəng ziyan vurub.
"İrana o qədər ağır və sürətli zərbə endirdik ki, zənginləşdirilmiş materialı daşımağa vaxtları qalmayıb... İnanırıq ki, bu material qranitin, beton və poladın altında qalıb", – Tramp iyunun 25-də deyib.
Amma bu hələ dəqiq deyil.
Uran ehtiyatı
ABŞ-nin zərbəsinin nə dərəcədə qətiyyətli olmasından danışanda sual yaranır ki, uran harada əsas elementdir.
İran nüvə proqramının dinc məqsədli olduğunu bildirir. Mayadək onun 8 min 400 kiloqramadək zənginləşdirilmiş uranı olduğu bəlli idi. Bunun böyük hissəsi aşağı səviyyələrdə, elektrik stansiyaları üçün zənginləşdirilib. Beynəlxalq hüquq buna icazə verir.
ABEA bildirir ki, İranın 408 kiloqramlıq yüksək, yəni 60 faizədək zənginləşdirilmiş uranı var. Bunun da böyük hissəsinin Tehrandan 450 km cənubda yerləşən İsfahan Nüvə Texnologiyası və Tədqiqat Mərkəzində saxlandığı güman edilir. İsfahana zərbə ABŞ sualtı gəmisindən "Tomahawk" qanadlı raketləri ilə endirilib. "B-2" stels bombardmançıları isə Natanz və Fordoya bunkerqıran bombalar buraxıblar.
ABŞ Müdafiə Kəşfiyyatı İdarəsinin ilkin dəyərləndirməsinə görə, yüksək dərəcədə zənginləşdirilmiş uranın bəlli olmayan hissəsi bombalamadan öncə Fordodan çıxarılıb. Onu üçüncü məkana köçürə bilərdilər. Pentaqon bildirir ki, iranlılar bu haqda öncədən BAEA-ya məlumat veriblər.
İran bu məsələdən çox az danışıb.
Kənar ekspertlər isə ehtiyatlı mövqedədirlər.
ABEA-nın keçmiş silah müfəttişi Devid Olbraytın yaratdığı, Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu iyunun 24-də bildirib: "60 faizədək zənginləşdirilmiş ehtiyatlar və gizlədilmiş sentrifuqalara malik İran silah səviyyəsində uran istehsal etmək qabiliyyətini saxlayır".
Silah səviyyəsində uran 90 faizədək və daha çox zənginləşdirilmiş urana deyilir.
Sentrifuqalar
Sentrifuqalar uranın emalı üçün vacibdir. Onlar uranın qaz halına salınmış formasını çox yüksək sürətlə fırladaraq izotoplarını ayırır və nüvə elektrik stansiyalarında istifadə üçün zənginləşdirirlər. Fordo və Natanzda 20 minədək sentrifuqa quraşdırılıb.
ABŞ və İsrail rəsmiləri İranın sentrifuqa qabiliyyətinə ciddi ziyan dəydiyini ehtimal edirlər. Bununla xarici ekspertlər də, əsasən, razılaşırlar.
Vaşinqtondakı institut bildirir ki, "hücumlar İranın sentrifuqa zənginləşdirmə proqramını məhv edib".
22 iyun zərbələrindən öncə peyk təsvirlərində Fordodakı kompleksin tunellərinə aparan yollarda onlarla yük maşını görünürdü. Bəzi ekspertlərin fikrincə, ola bilsin, bu yük maşınları tunellərin girişlərini doldurmaq üçün palçıq daşıyıblar. Məqsəd də hava zərbələrindən, yaxud desant reydlərindən qorumaq olub.
"Tunellər doldurulmamışdan iranlılar zənginləşdirilmiş uranı obyektdən çıxarmağa çalışa bilərdilər", – institut bildirir.
İsrailin adı çəkilməyən iki rəsmisinin iddiasına görə, İran yüksək, yaxud az zənginləşdirilmiş ehtiyatı İsfahan, yaxud Fordoda basdıra da bilərdi və bunu tapmaq da çətindir.
ABŞ Dövlət katibi Marko Rubio "CBS News"a müsahibəsində deyib ki, bu ehtiyatın köçürülməsinə şübhə edir, çünki indi nəyisə daşımaq mümkün deyil: "Haradasa bir yük maşını hərəkətə gələn kimi israillilər bunu görərək hədəfə alıb sıradan çıxarıblar".
Amma bir ehtimal da var ki, İran ehtiyat sentrifuqalara malikdir və başqa bir yerdə saxlayır.