Keçid linkləri

2025, 26 İyun, Cümə axşamı, Bakı vaxtı 19:57

B-2 bombardmançısının içindəki həyat: quru dəri, isti yemək


"B-2 Spirit" stels bombardmançısı
"B-2 Spirit" stels bombardmançısı

"B-2 Spirit" bombardmançı təyyarələri radarlarda görünmür, elə havadaca yanacaq doldurur, uçuş müddəti də pilotlarının fiziki dözümünə uyğunlaşdırılır.

İyunun 22-də İranda nüvə obyektlərini bombalayan bu təyyarələr 37 saatlıq missiya gerçəkləşdiriblər. Jurnalist Amos Çappl bu zaman insanın dözümünün də tarıma çəkildiyini yazır.

"B-2 pilotları gözlərinin acısını ala bilərlər. Amma bunu metal səth üzərində, oturacaqların arxasındakı dar bir yerdə etməli olurlar ki, bu da rahat deyil", – təyyarələrin Missuridə yerləşdiyi Uaytmen Hərbi Hava Qüvvələri Bazasının sözçüsü AzadlıqRadiosuna deyib.

Sözçü əlavə edib ki, təyyarə özü oksigen hazırlayır, bunu atmosferdən götürür. Bu isə təyyarədə rütubəti yox edir, pilotlar daim susuz olurlar, dəriləri quruyur, çat verir.

Radaruducu örtük, iri həşərat izi

B-2 Soyuq müharibə dövründə ABŞ-də nüvə silahlı daşımağa qadir, radarlara düşməyən bombardmançı təyyarə kimi hazırlanıb. Onlar həm də Sovet İttifaqının minlərlə radar stansiyasından, "yer-hava" tipli raketlərindən yayına bilirdi.

B-2-nin dizaynı uçan qanadı xatırladır, örtüyü radiolokasiya siqnallarını udur, digər qabaqcıl texnologiyalara malikdir. 52 metr enində olan bombardmançı radarda yalnız iri bir həşərat qədər görünür. Təyyarə ilk dəfə 1989-cu ilin iyulunda havaya qalxıb.

"B-2 Spirit" havada yanacaq doldurur.
"B-2 Spirit" havada yanacaq doldurur.

İrana zərbələr "Midnight Hammer" (Gecə çəkici) adlanırdı. Belə uzaqmənzilli missiyaların ən stressli məqamlarından biri B-2-nin hər altı saatdan bir yerinə yetirdiyi yanacaqdoldurma əməliyyatıdır. Bu, tanker təyyarəsinin arxasında həyata keçirilir. ABŞ Hava Qüvvələri Qlobal Hücum Komandanlığının komandir müavini, leytenant-general Mark Uezerinqton AzadlıqRadiosuna bu haqda danışıb. "Havada yanacaqdoldurma olduqca vacibdir və əgər hava qaranlıq, buludludur, sakit deyilsə, bu, daha çox diqqət tələb edir", – o deyib.

Pilotlar bu incə əməliyyatı necə bitirməklərindən danışıblar. Bu, təxminən 30 dəqiqə, yüksək diqqət tələb edən prosedurdur, sonucda tamamilə tər içində olurlar.

Pilotların duş, yaxud paltar dəyişmək imkanı da yoxdur. Bu təyyarənin heyəti uçuş boyunca kombinezon, xilasetmə jileti geyinir. Döyüş missiyasının ortasında bunları dəyişmək çətin məsələdir.

İkicə pilotluq heyət

Təyyarənin heyətinin qidalanması isə daha rahat prosedurdur.

B-2-də mikrodalğalı soba var və pilotlar özləri ilə istədikləri yeməyi götürürlər.

"Biz pilotlarla işləyirik, nəyi yemək, nə zaman yeməklə bağlı məsləhət veririk, amma hər kəs öz istədiyini götürür. Belə uzun missiyalar üçün hidratasiya vacibdir", – Uezerinqton söyləyib.

B-2 bombardmançısı 1989-cu ildə ikinci sınaq uçuşu zamanı Moxave səhrası üzərində.
B-2 bombardmançısı 1989-cu ildə ikinci sınaq uçuşu zamanı Moxave səhrası üzərində.

B-2 təyyarəsində üç pilot ola bilər, amma yalnız ikisi uçur, onlardan biri missiyanın komandiri olur. Burda bir məqsəd xərcləri azaltmaqdır. Yüksək təlim görmüş kadrlar qabaqcıl silah sistemlərinin ən dəyərli aspektlərindən sayılırlar. B-2 qiymətinə görə tənqidlərlə üzləşib. Onun hər birinin xərci təxminən 2 milyard dollardır, indiyədək 21 belə təyyarə hazırlanıb.

Yuxu təlimi

Belə kiçik heyətlə uçmaq pilotların həm də çox az dincəlməsi deməkdir.

Uezerinqton deyir ki, döyüş missiyası üçün seçilmiş B-2 pilotları günlərlə aerokosmik fizioloqla işləyirlər, onların yuxu rejimi gözlənən missiya ilə uyğunlaşdırılır. "Onların nə qədər və necə yatması fərdə uyğun dəyişir", – o əlavə edir.

Öncəki döyüş missiyalarında B-2 pilotları oyaq qalmaq üçün amfetamin həbləri atırdılar.

Uezerinqton deyir ki, pilotlar üçün ən gərgin an İrana zərbələrin özü olub.

"Hədəf zonasında missiyanın icrası, yəqin ki, işin ən stressli hissəsidir", – o vurğulayıb.

Yeddi B-2 təyyarəsi İranda nüvə obyektlərinə 14 nəhəng bunkerqıran bomba buraxıb.

XS
SM
MD
LG